Fəridə Buyuran

E-poçt Çap

Mənim yemək bişirmək haqqında heç bir təsəvvürüm yoxdur. Bir çox Azərbaycan qadınından fərqli olaraq, mən ən primitiv yeməyi belə hazırlaya bilmirəm. Deyə bilmərəm ki, mən bununla fəxr edirəm, lakin ən azından mən artıq bununla barışmışam. Lakin hər dəfə www.azcookbook.com saytına daxil olanda hər şey möcüzəvi şəkildə dəyişir - dadlı görsənən Azərbaycan və əcnəbi yeməklər məni ya həmən dəqiqə yemək bişirməyə, ya da böyük miqdarda yemək yeməyə təhkim edir. Az sonra mən öyrəndim ki, bu veb sayt bir qadının işinin nəticəsidir - bişirilən yeməklərdən tutmuş, yazılar və şəkillərə qədər hər şey. Və bütün bunlar həyat yoldaşı və ana olmaq və kitab yazmaq ilə birləşir. Və əgər siz də bu veb sayta daxil olduqdan sonra mənimkiylə eyni hissləri keçirdinizsə, onda yəqin siz də mənim aşpaz qəhrəmanımla, Amerikada yaşayan azərbaycanlı qadını Fəridə Buyuranla yaxından tanış olmağa şad olacaqsınız. Beləliklə Azeriz Abroad bölməsinin bu dəfəki qonağı - Fəridə Buyuran.

Fəridə, xahiş edirik bizə öz barəndə qısa məlumat ver.

Mən 1977-ci ildə Bakıda anadan olmuşam. 1998-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişəm. 2 il sonra isə İngilis ədəbiyyatı üzrə magistr dərəcəsini almışam. Mənim peşəkar həyatım “Azerbaijan İnternational” jurnalında başlamışdır. Orada mən redaktor köməkçisi kimi bir neçə il işləmişəm. Həmçinin qısa zaman ərzində yerli internet provayderində veb content tərcüməçisi kimi çalışmışam. 2002-ci ildə evləndikdən sonra Kaliforniyaya köçdüm. 2003-cü ildə Kaliforniya Dövlət Universitetinə qəbul olundum. Burada Biznes üzrə magistr dərəcəsi aldım. Los Ancelesdə, bir şirkətdə qısa zaman ərzində işlədikdən sonra, uşaqlarımı böyütməyi və Azərbaycan Yeməkləri kitabında yazmağı qərara aldım. Həmçinin yemək bloqu (www.azcookbook.com) yazıram. Bu bloq həm azərbaycan, həm də ingilis dilindədir. Burada mən öz yeməklərimi təqdim edir və onların xüsusi tərzdə olan şəkillərini çəkirəm. 2006-cı ildən Kaliforniyada yerləşən Azərbaycan Qadınları Assosiyasıyasının üzvü və ictimai əlaqələr üzrə məsul şəxsiyəm. Ərim, 2 və 6 yaşlı uşaqlarımla “Long Beach” də yaşayıram.

Öz bloqunda qeyd etmişdin ki, Amerikaya köçməmişdən öncə yemək bişirməyi xoşlamırdın. Bəs bu necə başladı? Yemək bişirməyi nə zaman öyrəndin və blog ideyası necə yarandı?

Hmm, doğurdan belə demişəm? Əslində mən Bakıda da yemək bişirirdim, lakin bu çox nadir və təsadüfi anlarda baş verirdi. Mən yalnız bir-iki növ tort və pirojna bişirə bilirdim (onlardan biri 3 laylı tort idi), həmçinin paytaxt salatını və qonaqlar üçün süfrə açmağı. Bişirməyi elə də xoşlamırdım. Belə deyək, mən bir çox azərbaycanlı gənc kimi öz ailəmlə yaşayırdım, anam və nənəm bütün yemək işlərini görürdü, ona görə mənim əlimdən heç nə gəlmirdi. Bunun müqabilində mən həmişə yemək reseptlərini xoşlamışam. Yadıma gəlir ki, 13 yaşımda ilk dəfə resept dəftəri tutdum, adını da “Retsepti” (rus dilində reseptlər) qoymuşdum, altında isə fəxr hissiylə öz inisiallarımı yazmışdım. İkinci resept dəftərimə isə daha kreativ ad seçmişdim – “Nuş Olsun”. Mənim reseptlərim müxtəlif mənbələrdən yığılırdı: ailə, qohumlar, dostlar, jurnallar və qəzetlər. Əfsus ki, mən bu reseptləri Bakıda çox nadir hallarda istifadə edirdim.

Kaliforniyaya gələndən sonra, Bakıda öyrəşdiyim ev yeməklərini burada tapa bilmədim. Sonra özümün və ərimin  iştahını qanə etmək üçün yemək bişirməyə başladım. Mətbəxtdə daha arxayınlaşdıqca və biləndə ki Azərbaycan mətbəxtinə aid bir kitab yoxdu, mən özüm yazmağa başladım. Mən təkcə yemək bişirməyi öyrədən bir kitab nəzərdə tutmamışdım, həmçinin Azərbaycan tarixinə və mədəniyyətinə maraq yaradacaq bir kitab düşünmüşdüm. Beləliklə Azərbaycanın müxtəlif yerlərindən 200-dən artıq resept yığıdım. Yemək bloqu ideyası, kitabdan sonra yarandı. Yemək bloqu haqqında öyrəndikdən sonra, bloqun yaratdığı interaktivlik məni heyran elədi. Yaxşı bir dostum məni öz bloqumu yazmağa cəsarətləndirdi. Beləcə mən yazmağa başladım. 2 il sonra mənim dünyanın bütün yerlərindən 100-lərlə oxucum var və bu məni çox həvəsləndirir.

Azərbaycan mətbəxi Amerikada populyardır? Məsəl üçün, sənin bloqun amerikalı istifadəçilər arasında nə dərəcədə məşhurdur?

Ümumiyyətlə, amerikalılar Azərbaycan adlı ölkə tanımırlar, qalmışdı ki onun mətbəxini. Lakin mənim çoxlu loyal oxucularım var, hansılar ki amerikalılardır. Onlar Azərbaycanın mətbəxi, mədəniyyəti, tarixi haqqında öyrənməyə çox açıqdırlar. Mən onları çox səmimi qəbul edirəm.

Gələcək planların nədən ibarətdir?

Yaxın gələcəkdə kitab çap etdirmək istəyirəm. Sonra isə iş sahəsinə yenidən qayıtmağı və həmçinin düşündüyüm bəzi layihələr üzərində işləməyi fikirləşirəm. Həmçinin azərbaycan və ingilis dillərində bloq yazmağa da davam edəcəm.

Azərbaycanda ən çox bəyəndiyin və bəyənmədiyin nədir?

Azərbaycandan uzaqda yaşamaq mənə bəzi şeylərə müxtəlif çərçivədən baxmağı öyrətdi, beləliklə mən anladım ki, bizim mədəniyyətimiz, incəsənətimiz və əlbəttə ki, mətbəxtimiz çox möhtəşəmdir. Mən Azərbaycan qonaqpərvərliyinə heyranam. Azərbaycanda hətta müəyyən büdcə üzərində yaşasan da, ailəni dolandırmaq üçün mübarizə aparsan da, sən ilk öncə qonağını yedirmək, onu öz evindəki kimi hiss etdirmək haqqında düşünürsən, hətta ən gözlənilməz və dəvət olunmayan qonaq haqqında da belədir. Sevmədiyim şeylər isə ictimai fikrin hegemonluğudur. Bir çox hallarda, sən özünü cəmiyyət sənə diktə etdiyi kimi aparırsan, özün istədiyin kimi yox. Xüsusən qadınlar bundan daha çox əziyyət çəkirlər, əsasən də regionda yaşayan qadınlar. Bir çoxunun öz fikrinə hüququ çatmır.

Amerika haqqında nə deyə bilərsən?

Burada olan müxtəlifliyə heyranam. Amerika 100-lərlə etnik  qrupların vətənidir və hamısı burada eyni qanunlar, eyni tənzimləmələrlə sülh içində yaşayırlar. Mən düşünürəmki Amerika  “imkanlar ölkəsi” adına çox uyğundur. Burada hər yaş təbəqəsindən, hər cür insana açıq olan resurslar haqqında düşünün: böyüklər üçün məktəblər, universitetlər, kitabxanalar, istirahət mərkəzləri, bu şeylər bu ölkədə çoxdur. Nəyi bəyənmirəm? Əvvəlki intervyuda Mehriban Əfəndiyevanın fikirləri ilə raziyam. Amerika cəmiyyətindəki ekstrim individuallığı bəyənmirəm. Bu insanları bir-birindən uzaqlaşdırır.

Azərbaycan qadınına nə demək istərdiniz?

Bu biraz Amerikansayağı çıxacaq, lakin mən istəyirəm ki Azərbaycan qadını öz həyatını özü istədiyi kimi yaşasın. Çox zaman mən, çox istedadlı və potensiallı qadınların evləndikdən sonra təslim olmaqlarının şahidi oluram. Onlar passivləşirlər və həyatı olduğu kimi qəbul etməyə başlayırlar. Mən istəyərdim ki, onlar öz arzularını izləsinlər, öz məqsədlərinə çatsınlar  və heç kimə onlara mane olmağa icazə verməsinlər.  Mən anlayıram ki, ictimai fikrin hegemon olduğu cəmiyyətdə bu biraz çətindir və hər şey Amerikadakı kimi asan deyil, lakin mən inanıram ki bizim qadınlarımı bu buzu əritməyə , bütün bunları dəyişməyə qadirdilər.

 

Comments  

 
0 #2 feride 2010-05-21 15:30
Qonaq:) cox sag olun.
Quote
 
 
0 #1 qonaq 2010-04-19 02:43
Chox saq olun Feride xanim! Sizin bloqunuza rast gelende chox sevindim! hech bilmirdim ki bizim bele gozel milli metbexe aid bloqumuz var! teshekkurler! ugurlar!
Quote
 

Add comment


Security code
Refresh

Podcasts

Interview with Jale Sultanli

Interview with Sevda Ismayilova



Related Pieces

Sorğular

The virginity cult is