Müqəddəs fahişə
Qəribə hisslərlə yazıram bu yazını. Sevinirəm. Düşünürəm. Düşünürəm ki, azərbaycanlı olub özünü kişi hesab edənlər kimdir? Indi danışacağım hadisədəki kişinin ya azəri olmaması gərək, ya da azərbaycanlılara görə azəri olub kişi olmaması. Qısası “peysər”. Iki il bundan öncə telefonuma qrup yoldaşım, milliyətcə türk olan Mehmetin nömrəsindən bir qız zəng elədi. Aramızda, təxminən, belə bir dialoq alındı:
- Siz kimsiniz?Xanımın söhbəti uzadacağını təxmin edib, ləçərlik dolu kobudluğuna görə dəstəyi asdım. Mehmetə, o qızın zəngindən bir neçə gün əvvəl yazdığım mesaj isə dərsə gəlib gəlməyəcəyi barədə sualdan ibarət idi, cünki artıq aylardı, dərsə gəlmirdi və qrup nümayəndəsi kimi müəllimlərin suallarını cavablandıra bilmirdim. Bu hadisəni unutdum. Xeyli müddət sonra Mehmet mənə zəng vurub universitetə gəldi və səbəb olduğu narahatlığa görə məndən üzr istədi. Yəqin ki, sonradan telefonundan vurulan zəngdən xəbər tutub. Təbii ki, xanımın kimliyi ilə maraqlanmadım. Universiteti bitirənə yaxın Mehmeti təsadüfən yolda gördüm, hal-əhval tutdum və məlum oldu ki, onu imtahanlardan kəsiblər, rüşvət istəyirlər, o isə işləyir, dərsə gəlmir və s.
Bir az təşvişli göründüyündən nə baş verdiyini soruşdum. Həyacanla “başım belada” dedi. Nə isə ciddi, pis bir şeyin baş verdiyini zənn etdim. Amma sən demə... Bütün fakültədə Mehmetin ünsiyyət saxladığı yeganə adam mən idim və münasibətlərimiz səmimi olduğundan “o sənə zəng edən qızla yaşayıram, çox qısqancdır, bəladır, bəla” deyə emosional cavab verdi. Telefonu açıb “budur o” deyə göstərdi. Xanım gənc, ağbənizli, incə biri olsa da, qaşları qırxılmış, tatuajla alnının ortasına qədər qaldırılmış, dodağı isə silikondan alnının yarısı boyda idi. Görünüşü, işəçıxma öncəsi salonlarda özünə əl gəzdirən fahişələrə bənzəyirdi. Baxdım Mehmetin üzünə ki, bəs...
Danışdıqlarından anlaşıldı ki, “o” dediyi gənc xanım küçə qadını imiş. Demək olar ki, heç kəsi yoxdur. Fahişəliklə pul qazanırmış, Mehmet isə onu evinə gətirib və onunla birgə yaşayır. Mehmet işə gedir, qız da ev işlərilə məşğul olur və özü demiş “karı-koca” kimi mehriban yaşayırlar. Lakin qadın qısqanclıqdan ona gün vermir. Mehmet isə uşaq kimi onun nazıyla oynayır, xanım kimi davranır, mehriban münasibət bəsləyir və əlbəttə ki, ona keçmişini xatırlatmır. Həmin anda anladım ki, o vaxt mənə gələn təşviş dolu telefon zənginin səbəbi Mehmeti itirmək qorxusu idi. Möcüzə ilə başa gəlmiş, yuxu kimi görünən xoşbəxtliyi itirmək qorxusu, bu ölkədə əlçatmaz olan qadın xoşbəxtliyini itirmək qorxusu... Əslində o, çox şey istəmirdi. Bəlkə də istəkləri hər kəsdən daha az idi. Qəbul edilmək, əfv olunmaq, kiminsə həyatının dəyərli parçasına çevrilmək. Qadın olmaq, sevilmək, həyatın onu tulladığı çirkinliklərdən qorunmaq, yaşamaq. Bu qədər sadə...
Bir anlıq təsəvvür etməyə çalışdım ki, belə bir həyatı Azərbaycan kişisi yaşayır. O, evə gəlir, üzündə əcaib, acıqlı, qeyrətsizlikdən əziyyət çəkən bir ifadə ilə sevinclə ona qapı açan fahişənin üzünə baxır, ayaqqabısını şəstlə soyunur, içəri keçir, minnətlə fahişənin almağı tapşırdığı ərzaqları vızıldadır üstünə və stola da bir təpik vurur: “It balası, mənə yemək gətir!” Yeməkdən sonra, məsələn, televizora baxarkən qızın keçmişini bir neçə dəfə, guya, zarafatla yada salır, onu hardan çıxartdığını, onsuz küçələrdə olacağını dönə-dönə xatırladır, təhqir edir, alçaldır və bunu “əslində belə də olmalıdır” deyə böyük zövqlə edir. Bir azərbaycanlının qadına, daha dəqiq desək, fahişə qadına davranışının mahiyyəti bundan ibarətdir yalnız. Amma soruşan yoxdur ki, onlar bu vəziyyətə istəyərək düşüblər?! Deyən yoxdur ki, 18 yaşı tamam olan kimi uşaq evlərinin qapılarını açıb onları bu vəhşi həyatın, amansız qanunların qoynuna tullayırlar. Kimsəsiz qızcığazlar, çarəsiz, ana-atasız yavrular...
Xanımı xanım etməyi hər kəs bacarar, lakin fahişəni xanım eləmək hər kəsin işi deyil. Heç kəs əyilib zibillikdən bir şey götürmək istəməz və ya istəsə belə, onu təmizləmək istəməz. Sonuçda ad zibillikdəndir. Nə qədər qəşəng olursa olsun, nə qədər gözəl xasiyyəti və daxili aləmi olursa olsun və ya düşdüyü yola görə günahsız olsa da, son nəticədə adı fahişədir. Fahişələr çoxdur. Növləri də çoxdur. Fiziki olaraq mən onlara qadın kimi baxıram və mənəvi tərəfləri mənə önəmlidir. Tənbəllikdən peşə könüllülərini bu siyahıdan çıxıram və onları mənəvi fahişələrə aid edirəm. (Vəzifədən ötrü min bir hoqqadan çıxıb yaltaqlıq edənlər də fahişələrdir.) Lakin Mehmet kimi o qadını küçədən tapıb, təmizləyib, “sutenyorlardan” xilas edib, müqəddəsləşdirməyi hər kişi bacarmazdı.
Müqəddəs demişkən, Məhmətlə yenə bu səhər təsadüfən görüşəndə öyrəndim ki, o qadın ona qız övladı bağişlayıb. O da qadını götürüb və buranı tərk edib. Necə deyərlər, öz dədə-baba yurduna qayıdıb, orda bütün ailəsi ilə birlikdə yaşayacaq. Bunu deyərkən onun gözlərindəki işığı görsəydiniz?! Uşaq insanı beləcə işıqlandırır, dəyişir. Dünyanın ən pis, ən murdar insanı belə kiçik, köməksiz körpəyə laqeyd qala bilmir. Dünyanın ən çirkin, ən murdar, ən iyrənc, ən əxlaqsız qadını belə dünyaya körpə gətirdikdən, yeni həyata can verdikdən sonra ən gözəl, təmiz, saf və müqəddəs varlıqdır. Kim bilir, o qadının qarşısına Mehmet çıxmasaydı, indi haralarda idi, nə edirdi və necə əzab çəkirdi? Ona dünya necə üfunətli və qaranlıq görünürdü? Indi heç kəs ona fahişə deyə bilməz. O bir mələkdir!
P.S. Mehmet isə “peysər” dir.



Dunyadaki pis adamlar,
Pislarinda Urayinda,
Yaxshilighin ishighi var
istərdim ki onları əhv eləmək kimi bir vəzifəni almayaq üstümüzə. Anlayaq sadəcə. Allah deyiilk əhv edək. fahişələrə sosial problem kimi baxmaq lazımdır. Əmin olun ki onlar öz talelərindən daha çox əziyyət çəkirlər, nəinki biz onların mövcudluğundan. Əhv etmək məsələsini dilimizə belə almalı deyilik məncə. Ayıb olar.
birde olaki o kisi isi olsun ...........cirklendirmek cox asandir bilirik
ama cirklini temize cixarmaq ..............allah qarsisinda edilmis en muqeddes islerden biridir
allah razi olsun
Sadəcə milliləşdirmə məncə artıq olub. Türkiyədə də Məhmət kimi insanların yaranması yenidir. O cəmiyyət də bizim qədər konservativdir. Orta hesabla yəni.