Recent Activity

Polls

Целоваться на людях - это
 
Home » Columns » Career Girl » Azərbaycanda təhsilə münasibət

Azərbaycanda təhsilə münasibət

Print
Print



Bir zamanlar azərbaycanlıların ən çox işlətdiyi  aforizm V. İ. Leninin məhşur “Oxumaq, oxumaq, yenə oxumaq” sözləri idi. Ümumiyyətlə, təhsili xalqı gələcəyə aparan işıqlı yol, inkişafa səsləyən səda kimi təqdim etmək adətimizdir. Uzun-uzadı müzakirələrdə, çıxışlarda... Amma medalyonun digər üzünü çevirəndə görürsən ki, bu işin başqa bir yanı da varmış. Babamı xatırlayanda onun bu cümlələrini yada salmaya bilmirəm.

Təzəcə tələbə adını almışdım. Babam məni yanına çağırıb xeyir-dua verdi və dedi:- “Sən indi oxuyub “böyük adam” olacaqsan. Onda bu qoca baban öləcək, mənə tez-tez Quran oxutdurarsan”.

Maraqlıdı, hər zaman qız uşaqlarının oxumağına qarşı çıxmış, dörd qızından heç birini oxutmamış babam üç oğlunu oxutmaq üçün tökdüyü pullar batandan sonra qızların da təhsil almasının mümkünlüyü, hətta bəlkə də vacibliyi fikri ilə barışmışdı. Özü də mənim təhsil almağımdan güddüyü məqsədə bax. Böyük adam olum. Böyük adam olmaq babamın nəzərində çox savadlı, başqa insanlar üçün lazımlı, xalqı işıqlı gələcəyə aparan olmaq demək deyildi. “Böyük adam” adətən başqalarından daha yaxşı pul qazanan adamdır kütlənin nəzərində. Özü də “böyük adam” Bakıya gedib oxumalı, sonra yavaş-yavaş vəzifələrə qalxmalı, çoxlu pul qazanmalı, doğma kəndinə qayıdanda hamıya yuxarıdan aşağı baxmalıdır. Kənddəki qohumları da əlbəəttə, bu “böyük adamla” fəxr eləməlidilər.

Azərbaycanda uzun illər qız uşaqlarının təhsil almasına qarşı çıxıb babalarımız. Qız uşaqlarını oğlanlarla birgə oxumağa Sovet hökumətinin təzyiqi ilə göndərən atalar, onların onillik məcburi təhsilləri başa çatandan sonra  ali məktəbə girmələrinə icazə vermirdilər. Onlar qız övladlarının paytaxtda təkbaşına oxumalarına, yataqxanada yaşamalarına, işləmələrinə razı olmurdular. Özü də ona görə yox ki, paytaxtda “adamudanlar” vardı. Onlar öz övladlarına inanmırdılar. Qızı özbaşına buraxmaq onlar üçün ölümdən betər idi. Çox valideynlər var, indi  də bu düşüncədədirlər ki, qızları kilometrlərcə uzaqlarda yaşasa, oxusa, əxlaqsızlıqla məşğul olacaq.  Təsəvvür edin, XXI əsrdə belə Azərbaycanın bir çox bölgələrində bu əzəli, əbədi, dəyişməz problem qalmaqdadır. Adətən orta məktəbin yuxarı siniflərinə keçəndə qız uşaqlarını məktəbdən ayırır, ya ərə verirlər, ya da evdə onların əməyindən sui-istifadə edirlər, ata-ana təhsildən ayırdığı qız övladına əsl qulluqçu kimi yanaşa bilir.

Çoxdan yazdığım “Universitəli qız” şeirində  xoşuma gələn bir hissə var:

Onsuz da bu ölkədə

Ali təhsil almaq üçün

Hər adamın öz səbəbi var

Məsələn, rayon qızları

şəhərli ər  tapmaq ümidiylə

oğlanlar əsgərlik qorxusundan

kimisi də yırtıcı işsizliyin önündə

duruş gətirə bilmək üçün oxuyur

mən

hər yay kənd qadınlarının verdiyi:

-a bala, ərə niyə getmirsən-

Sualından qorxuram

Və nə yaxşı cavabım uzaqda deyil:

-      ay nənə, mən hələ oxuyuram...

 

Nə yaxşı ki, bizim insanların oxumaq üçün bu cür çoxlu bəhanələri var. İnanın ki, bu bəhanələr olmasaydı, universitetlərimiz boş qalardı.

“Qıza lazımdır bilmək” şeirindəki fikirlərimi də olduğu kimi yada salım  ki, özümü təkrarlamayım:

 

Atamla həmfikirəm

Qız uşağı  oxumaz

Savad yiyiəsi olmaz

Amma diplomu mütləq olmalı

ərə getsə

əri ölsə işləməli

ölməsə ömrü boyu

işləməyib dişləməli...

Bir dəfə maraqlı bir qadınla tanış oldum. Çox da təəccübləndim. Qadın o qədər qərasızdı ki... qabağına çıxan hər kəsdən məsləhət alırdı. “Böyük qızımı oxutdum, gedib ərə, oturub uşağını saxlayır, əri qoymur işləməyə. Onun yerinə kaş oğlanı oxudaydım. İndi bilmirəm balaca qızı oxudum, yoxsa yox?”

Freydin məhşur nəzəriyyəsinə görə, insanlar bütün sosial çalışmalarını özlərinə görə, öz arzularına, istəklərinə, seksual tələblərinə görə edirlər. Çox da haqlıdı əslində.

Sovet dönəmi deyilən əski dönəmlərdə  kitablarda, efirlərdə xalq təhsili ideologiyası güclü idi.  Azərbaycanda kütlə elmli olmağa heç vaxt o zamankı qədər  can atmamışdı. İndiki sertifikat dalınca qaçan gənclərdən fərqli idi o köhnə gənclik. Kitab hədiyyə eləmək dəb halını almışdı o zamanlar. Amma bütün zamanlarda olduğu kimi, Sovet dönəmində də bayağı bir tendensiyanın yayıldığını xatırlayıram. Musiqi istedadı oldu-olmadı, əksəriyyət qızını musiqi məktəbinə, fortepiano bölməsinə yazdırırdı. Çünki o zamanlar ərə gedən qıza piano cehiz vermək dəb idi. Məndən beş-altı yaş böyük əmim qızları, bibim qızları  qapaqlarını çalmaq üçün bir dəfə də açmadıqları pianolarını cehizlik əşya kimi əzizləyirdilər. Bu gün də “mənim oğlum filan ali məktəbdə oxuyur, qızım filan məktəbdə” deyə öyünməklə kifayətlənən valideynlər var, onlar üçün maraqlı deyil övladlarının başında bir şey var, ya yox.

Amma  bunu unutmayaq , məsələ təkcə onda da deyil ki, hamı təhsil almalıdır, savadlı olmalıdır.  İnsan təhsil almadan da yaxşı saatsaz, dəmiryolçu, kombaynçı kimi insanlara, cəmiyyətə yararlı ola bilər. Yetər ki, özümüzlə bahəm, başqalarını da düşünək.

Çexovun “Mənim həyatım ”adlı maraqlı bir əsəri var. Əsərin qəhrəmanı Misail oxuyub, atası istəyir ki, oğlu şəhərin mötəbər idarələrində yazı-pozu işlərində işləsin. Misail isə fiziki əməklə məşğul olmaq istəyir, əlinin əməyi ilə pul qazanmaq fikrindədir, zehninin yox. Atası oğlunu evdən qovur, oğulluqdan çıxarır. Ata mənsəbpərəst, işi bir qəpiyə dəyməyən istedadsız memardır, həmişə də öyünür ki, atası cızmaqaraçı bir şair olub. Qızı Kleopatranı da ulu babalarını daim yada salmaqla hədələyir. Misaili “balaca fayda” deyə çağırırlar, ələ salırlar. Amma Misail  rəngsaz işləməklə cəmiyyətə atasından da, babasından da daha faydalıdır.