“Sağlam həyat tərzi” – orqanizmin iş qabiliyyətinin olmasını güman edən, insanın həyat ritminə, fəaliyyətinin məzmununa kompleks şəkildə yanaşmaq deməkdir. Sağlam həyat tərzinə bir çox komponentlər daxildir, zərərli vərdişlərə aludə olmamaq, şəxsi gigiyena, düzgün qidalanma, hərəkət və qamət və cinsi həyat. Biz sağlam həyat tərzi sürən, sağlam qadın haqqında danışdıqda ilk öncə onun gələcəkdə dünyaya gətirəcək körpəsinin sağlamlığı haqqında da fikirləşirik. Axı sağlam olmayan qadın dünyaya sağlam övlad gətirə bilməz.
Sağlam həyat tərzi özünü erkən cinsi həyatdan saxlamaxı nəzərdə tutur. İntim münasibətlər yetkinliyə qədər təxirə salınmalıdır.
- Bu gün Şəkidə erkən nikahlara tez-tez rast gəlinirmi?
- Xeyr, erkən nikahlar artıq Şəkidə yox dərəcəsindədir. Ola bilsin bəzi ucqar kəndlərdə hələ də erkən nikahlara rast gəlinir. Buna da ailənin sosial-iqtisadi vəziyyəti təsir etmiş olur. Erkən yaşdakı hamiləliyə çox nadir halda rast gəlinir.
Qizlar cinsəl yetişdikləri kimi evliliyə psixoloji baxımdan da hazır olmalıdırlar. Erkən yaşdakı hamiləlik, yetişməmiş, hamiləliyə hazır olmayan bir orqanizm üçün ağır yükdür. Hal-hazırda dövlət proqramı çərçivəsidə hətta Şəkidə də gənclər, tələbələr arasında təhsil ocaqlarında cinsi münasibətlər haqqında məsləhətxananın həkimləri tərəfindən maarıfləndirmə işləri aparılır. Cinsi əlaqə - hamiləliyə gətirib çıxaran təbii yoldur. Hamiləlik qadın organizmində ən nəhəng dəyişikliklərdir, qadının bətnində yeni insan inkişaf edir. Lakin bir çox qadınlar qorunmadığından arzu olunmaz hamiləlik baş verir. Çox təəssüf olsun ki, bu gun Şəkidə hər bir qadın və ya əksəriyyəti həyatında ən azından bir –iki dəfə vaxtından qabaq hamiləliyini dayandırır, abort etdirir. Bu ən çox ailədə ya üçüncü, ya da dördüncü hamiləliyə təsadüf edir.
- Siz abortun qadın orqanizmi üçün nə qədər zərərli olması haqqında qadınlara məlumat verirsinizmi?
- Əlbəttə, biz birinci uşaq doğulandan sonra ailənin planlaşdırılması haqqında qadınlara məsləhətlər veririk. Onlara hamiləlikdən qorunmanın müxtəlif yollarını izah edirik. Lakin əksər gənc ailələrdə birinci uşaqdan sonra ikinci uşağın plansız dünyaya gəlməsinə narazılıq etmirlər. Kişilər qorunmağı sevmir, bu üzdən qadınlar abortun əziyyətini bir-iki dəfə çəkdikdən sonra diafraqmalar kimi qoruyuculardan istifadə etməyə üstünlük verirlər. Bu cür qoruyucular isə CYYİ-dan qorumur. Bu gün Şəkidə çox təəssüflər olsun ki, hələ də ailələrdə qadınlar ərlərindən cinsi yolla yoluxan müxtəlif infeksiayalara yoluxurlar. Hələ də ailədə, cütlüklər arasında stereotiplər mövcuddur ki, ən çox qadın qorunmalıdır. Bir çox hallarda isə evlənən cütlüklər arasında rəsmi dövlət nikahı bağlanmır, müxtəlif infenksion xəstəliklərə qarşı yoxlanmırlar və bu zaman nikahdan sonra və ya hamiləlik zamanı qadının CYYİ-yə yoluxduğu məlum olur.
- Xanımlar dəfələrlə abort etdirirlər. Görəsən, onlar hamiləliyə ciddi yanaşırlarmı, gələcək doğulacaq körpənin, eyni zamanda, özlərinin təhlükəsiz doğuş etmələri üçün hazırlıq tədbirlərini nəzərə alırlarmı?
- Təbii, arzu olunan uşaq dünyaya gəlirsə, analar sağlam uşaq dünyaya gətirmək üçün həkimin daim nəzarəti altında olmağı və məsləhətlərini dinləməyi üstün tuturlar.
- Hazırda Şəkidə qadınlar arasında ən çox hansı qadın xəstəliklərinə rast gəlinir?
- Təcrübə göstərir ki, qadınlarda üzləşdiyimiz ən böyük problemlər infeksional xəstəliklərin tapılması və disfunksiyalardır. Hazırda bunlar ən aktual problemlərdir. İnfeksion xəstəlikəlrin səbəbini artıq qeyd etdim. Bildiyiniz kimi, Şəki endokrin zonadır. Zob xəstəlikləri burada geniş yayılıb. Bəzi hallarda iqlim, stresli, ağır həyat və ya uşaqlıq yumurtalıq sistemində pozğunluq disfunksiyalarının yaranmasına səbəb olur. Bütün qadınlar tez-tez həkim nəzarətindən keçməlidirlər. Hətt sağlamlığında heç bir narahatlığı olmadığını düşünən qadınlar da ildə bir dəfə və ya altı aydan bir həkim nəzarətindən keçməlidirlər. Təəssüflər olsun ki, bu gün Şəkidə qadınların sağlamlığı ilə hər hansı problem yaranmasa, onlar həkim nəzarətindən keçmirlər. Hər bir 100 ailədən 5 və maksimum 10 qadın öz sağlamlığının qayğısına qalaraq həkim nəzarətindən keçir.
Şəki-Balakən Azərbaycanın Şimal-Şərq bölgəsində yerləşən, dağlıq və dağətəyi zonadır. Dünyanın istənilən dağ və dağətəyi zonasında yod çatışmazlığı var. Yod çatışmazlığı müxtəlif xəstəliklər yaradır. Birinci növbədə, qalxanvari vəzin funksiyasını pozur. Yod çatışmazlığı olan ərazinin spesifik cəhəti odur ki, bu zonada yaşayan əhali arasında reproduktiv funksiyalar pozulur. Reproduktiv funksiyaların pozulmasına birinci növbədə uşaq salma halları, ön uşaq doğulması, hamiləliyin tam normal başa çatdırılmaması kimi hallar aiddir. Belə halla yod çatışmazlığı zonalarının səciyyəvi cəhətləridir. Bu zonada ölu doğulan uşaqların sayının aran zonalarla, ümumiyyətlə, diğər zonalarla müqayisədə daha çox olmasıdır. Profilaktik tədbirlər lazımınca, dövlət səviyyəsində aparılmırsa, bu zonada doğulan uşaqlarda zehni qavrayış zəif inkişaf edir. Yodun çatışmazlığının mənfi təsiri xüsusilə hamilə, süd əmizdirən qadınlara göstərir. Onlar birbaşa risk qrupuna aid olanlardır. Buna görə, hamilə və ya süd əmizdirən qadınlar arasında xəstəlikdən qorunmaq, dölün sağlam yetişməsi, gələkdə sağlam uşağın doğulması üçün mütləq yod prafilaktikasına ehtiyac var. Yəni hamilə qadınlara qadın məsləhətxanalarında göndəlik tələbata uyğun olaraq tərkibində yod olan həblər verilməlidir. Yod profilaktikası bizdə üç formada aparılır. Fərdi, qrup və kütləvi halda. Kütləvi yod profilaktikası bütün əhaliyə yodlu duzun verilməsidir. Fərdi və qrup halında belədir ki, hər hansısa bir müəssisədə və məktəbdə yod çatışmazlığı aşkar etdikdə onlara orada təlimat verilir. Fərdi qaydada isə hamilə qadın həkimə müraciət etdikdə qalxanvari vəzin böyüməsini müşahidə edildikdə həkim profilaktik məqsədlə qadına yodlu tərkibli həblər tövsiyyə edir və bu gələcəkdə dölün fəsadla doğulmasının qarşısını alır. Biz əvvəllər məktəblərdə tədqiqatlar apardıqda 90% qalxanvarı vəzin normadan çox böyüməsini müşahidə etmişdik. İndi isə bu yox dərəcəsindədir. Son 10-15 il ərzində xeyli dəyişiklik var. 2001-ci ildə Milli Məclisdə qanun qəbul olundu. Həmin qanun 2003-cü ildə yanvarın 1-dən qüvvəyə minib. Bu zonada bütün əhaliyə yodlaşdırılmış duz satılır.Yodlaşdırılmamış duzun satışı tamamilə qadağandır və bu barədə inzibati tədbirlər görülür. Bununla ələqadar bu iş tam başa çatdırılmaq üzrədir və yodlaşdırılmamış duzun satışının qarşısı tam alınıb. Bu barədə KİV, orta təhsil müəssisələrində və bütövlükdə əhali arasında kifayət qədər təlimatlandırma işləri aparılıb. Əhali maarıfləndirilib ki, onlar yodlaşdırılmamış duz almasınlar, məişətdə yodlaşdırılmış duzlardan istifadə etsinlər.
Hər bir qadının sağlamlığı təbii ki, onun uşaqlıqdan necə sağlam böyüməsindən də asılıdır. İnsan orqanizminin sağlamlığı elə ana bətnində formalaşır. Bu günki anaların hamilə ikən özlərinin və bətnindəki körpələrin sağlamlığı haqqında Birləşmiş Uşaq Xəstəxanasının Konsultativ Poliklinika Şobələrinin həkimləri məlumat verdi.
- Qadınlar hamiləlik dövründə sahə həkimləri və tibb bacıları tərəfindən petronaja (red. R.A. - yəni himayəyə) götürülürlər. Körpə doğulana qədər hamilə qadınlar 3 dəfə petronaj edilirlər. Birinci petronaj hamilə qadında doğuşa qədərki dövrdə qadın məsləhətxanası tərəfindən qeydiyyata götürüldükdən sonra aparılır. Hamiləliyin gedişi və hamilə qadının sağlamlıq vəziyyəti öyrənilir. Hamilə qadının doğulacaq gələcək körpəsinin inkişafına mənfi təsir edə biləcək zərərli vərdişləri, həyat tərzi öyrənilir. Hamilə qadına düzgün qidalanma və şəxsi gigiyena barədə məsləhətlər verilir. Hamılə qadının qadın məsləhətxanası və sahə tibb bacıları tərəfindın verilən məsləhətləri necə yerinə yetirildiyinə diqqət yetirilir. Hamilə qadının əhval-ruhiyyəsi soruşulur və gələcəkdə doğulacaq uşaq barədə qayğılar ön plana çəkilir. Gələcək anaya süd vəzlərinin laktasiyaya hazırlamaq, yeni doğulmuş körpə üçün güşənnin təşkili barədə tövsiyyələr verilir.
Gördüyünüz kimi, ananın saglam uşaq dünyaya gətirməsi üçün həkimlər və tibb baciları tərəfindən lazimi xidmətlər ğöstərilir, lakin sosial-məişət problemləri olan analar çoxdur. Bu qadınlar müxtəlif stress və həyəcanlar keçirirlər. Bu zaman onların sağlam uşaq doğması sual altında qalır. Dünyanın bir çox inkişaf etmiş və etməkdə olan ölkələrində belə 5 yaşa qədər uşaqlar arasında xəstələnmə ölüm halları hal-hazırda da problem olaraq qalır. Endokrin zona olduğundan bu problem Şəkidə də aktualdır. Doğulan uşaqlarda ən çox raxitlik və anemiya müşahidə olunur. Uşaqlar arasında vərəm xəstəliyi ilə mübarizənin gücləndirmək məqsədi ilə bütün məktəblərdə və məktəbəqədər tərbiyə müəssisələrində vərəmi erkən aşkara çıxarmaq üçün 2010-cu ildə 14130 uşağa “mantu” sinağı qoyulub. Ümumilikdə isə, uşaqların gigiyenası ilə bağlı bəzi problemlər qalıb. Lakin biz anaları tibbi maarıfləndirməyə çalışırıq və müşahidə edirik ki, artıq sürətli inkişaf, maarifləndirmə kampaniyaları valideynlərin uşaqlarının sağlamlığına pozitiv münasibət göstərməsinə təsir göstərib. Şəkidə yaşayan qadınların sağlamlığına və yaxud bütün qadınların sağlamlığına nəzər saldıqda bir nəticəyə gəlmək olur. Qadın özünə dost olmalı, özünü sevməli, qayğısına qalmalı və qiymət verməlidir. Müxtəlif zərərli maddələrdən və süni görüntüdən istifadə edərək, dodaqlarını şişirdən, botoks edərək qırışlarını açdıran, döş vəzlərinə selikon yerləşdirən qadınlar gözəlliyin əsas faktorunun sağlam olmağın, sağlam görünməyin olduğunu unudurlar. Dəb, gözəllik- hamısı keçib gedəndir. Yaxud başqasını sevib onun üçün yaşayan qadın unudur ki, qadın özünü sevib, hörmət etməsə, başqalarına onu pozitiv tərəfdən qəbul etmək çətin olacaq. Özünü sevmək çox problemin həllidir. Özünü sevən və hörmət edən şəxs mütləq sağlamlığının qayğısına qalacaq. Sağlamlıq isə gözəllik, var-dövlət, ən əsası isə böyük nemətdir.


