• Forum

    Son mövzular üzrə fikir Share

Son fəaliyyət

Sorğular

Целоваться на людях - это
 
Ana səhifə » Köşələr » Karyerapərəst » Mənim rəhbərliyim

Mənim rəhbərliyim

Çap
Print



Müxtəlif yerlərdə, müxtəlif insanlara qulaq asanda, bəzən qulağıma iş qeybətləri çatır. Kimisə müdirə yaxınlıqda ittiham eləyirlər, kiminin adını yaltaq qoyurlar. Bəzən müdirin haqsız olaraq işçinin qəlbinə, ya da heysiyyətinə dəydiyindən gleyənirlər. Həmişə də qulağıma «işə gecikmək», «işdən icazə almaq», «işdə danlanmaq» kimi sözlər çatanda, bu şeylərin necə olduğunu təsəvvür etməyə çalışıram.

Axı mən də 7-dən yuxarı iş yeri dəyişmişəm. Və heç birində yuxarıda sadaladıqlarımın mənə dəxli olmayıb. Niyə? Səbəbini fikirləşəndə, çox uzaqlara getməli oluram.

Tale elə gətirdi ki, oxuduğum Mədəniyyət və İncəsənət Universitetində dekan-müəllim-tələbə ierarxiyası görmədim. Bizə mühazirə oxuyan müəllimlər, adətən, əhli-kef insanlar – incəsənət adamları idi: tələbəyə üstən aşağı baxmaq nədi, bilməzdilər. Müəllimlər yox, aktyorlar, tənqidçilər, yazıçılar, bədii qiraət ustaları idi onlar. Bizimlə dost-tanış, tay-tuş kimi davranırdılar, bütün kafedrada aramızda zarafatın biri bir qəpik olurdu. Qısacası, «rütbəcə özündən böyük adam»dan çəkinmək nədi, heç vaxt bilmədik.

İş elə gətirdi ki, əməkdaşlıq elədiyim ilk qəzetdə yad, təzə, ögey işçi olmadım. Həmin qəzet yarananda biz – bir dəstə yaradıcı, zarafatcıl «incəsənət uşaqları», dəstəlikcə həmin mətbu orqanında işə düzəldik. Üstəlik, baş redaktorumuz da çoxdan tanıdığımız cavan bir yazıçı idi – yəni məmur yox, yaradıcı adam. Əməkdaşları dost-tanışın, müdiri yazıçı olan yerdə də ki, nə ierarxiya? Rahat, hamının bir-birinə «sən» deyə müraciət elədiyi iş yeri idi, vəssalam. Bizə sözün əsl mənasında rəhbərlik, «müdirlik» eləmək onun heç ağlına da gəlməzdi.

O daha çox bizimlə dostluq eləmək fikrində idi, nəinki bizə müdirlik eləmək. Hətta arada-bərədə, daha konkret desəm, baş redaktorumuzun əlinə pul düşəndə, özü bizi yığıb, kafelərdən birinə yeyib-içməyə aparırdı. Yenə də uzun sözün qısası, ortada rəhbərdən çəkinməklik, onunla rəsmiyyət saxlamaqlıq bir durum olmadı.

Təsadüf elə gətirdi ki, əməkdaşlıq elədiyim növbəti qəzetdə yeganə yaradıcı müxbir oldum. Yəni başqa müxbirlərin işi-gücü xəbər tapmaq, informasyanı dəqiqləşdirmək, faktları toplamaq olanda, mən gün uzunu iş yoldaşlarımla zarafatlaşır, redaktorlara atmaca atır, günün sonunda isə qəfildən oturub, ağlıma gələn bir mövzu ilə bağlı əndrabadi fikirlərimi yazırdım – yəni əhli-kef bir müəllif yazısı. Amma di gəl ki, səhəri gün planlaşma vaxtı ən çox müzakirə olunan və təriflənən yazı mənim yazım olurdu. Baş redaktor da, redaktorlar da fikrim dağılmasın, qanım qaralmasın deyə, mənə dəyib-dolaşmırdılar.

Üstəlik, özüm də ortada onlardan çəkinəcək bir vəziyyət görmürdüm. Yaradıcılığın verdiyi imtiyazlar siyahısında – işə gec gəlmək, işdən özüm istəyəndə getmək, bir neçə gün hansısa mövzu üzərində işlədiyimi deyərək, həmin günləri işə gəlməmək, ayın əvvəli avans almaq və hətta aradabir xanım baş redaktorla birlikdə nahar eləmək də vardı.

Əvvəl-əvvəl həmkarlarının bu imtiyazlarından narahat olan iş yoldaşlarım, zaman keçdikcə, tale ilə barışmalı oldular: onların hər bir narazılıqları redaktorların güclü arqumentləri ilə toqquşurdu. İş yoldaşlarımın bu narazı tövrləri ilə mübarizə aparmaq və ya fikirlərini dəyişmək üçün çalışıb eləmədim. Açığı, bunların mənə heç bir dəxli yox idi – mən yaradıcılığımı eləyirdim, vəssalam. Amma tədricən, xasiyyətimə bələd olduqca, həmkarlarımın narazılıqları elə yoxa çıxdı ki, sanki belə bir şey heç yoxmuş. Redaksiyanın ən tərifli müxbiri hər günorta qollarını çırmalayıb, bütün jurnalistlərə günorta yeməyi hazırlayanda, təbii ki, bütün narazılıqlar yoxa çıxacaqdı...

Vəziyyət elə gətirdi ki, il yarımdan sonra həmin redaksiyanı tərk eləməli oldum. Yaxın bir yazar dostum təzə açılan qəzetlərdən birindəbaş redaktor təyin olunmuşdu. Zəng eləyib, məni işə dəvət elədi və bildirdi ki, yığdığı bütün heyət də dostlardan ibarət olacaq. Rəhbər və tabe olan işçi, müdiriyyət, ierarxiya məsələsi yenə avtomatik aradan qalxdı – on illik dostdan nə rəhbər? Və bu rəhbər üstəlik heyətdəki bütün işçilərin də azı beş-on illik dostudursa, bu hal hamıya aiddir. Öhdəmizə düşən işi yerinə yetirmək şərti ilə saatla işə gəlmək, saatla işdən getmək, hər gün işdə olmaq və digər məcburiyyətlər ortadan qalxdı. Bəlkə də belə təəssürat yarana bilər ki, bu məsuliyyətsiz heyət yaxşı qəzet də çıxara bilməzdi. Tamamilə haqlı görünsə də, nəticədə yanlış söhbətdi. Həmin heyətlə bir neçə il ölkənin ən oxunaqlı qəzetlərindən birini çıxartdıq.

Həyat elə gətirdi ki, həmin qəzet hələ bağlanmamış, başqa mətbuat orqanlarından təkliflər almağa başladım. Həmin ərəfədə artıq imzası ölkə mətbuatında yaxşı tanınan jurnalist idim və mənə iş təklif edən heç bir baş redaktorun ağlına da gəlmirdi ki, saatla işə gəlib getməyimi tələb eləsin və ya mövzu tapşırsın. Hər şey sırf yaradıcılığımın öhdəsinə buraxılırdı ki, adamın üstündə Allah var, o yaradıcılıq da bu etimadı doğruldurdu...

Hazırda hələ də bu rejimlə, daha doğrusu, rejimsizliklə işləyirəm. Yuxudan günorta oyanıram, ovqatım olanda yazı yazıram, olmayanda dostlarla görüşürəm, başım dinc olanda tərcümələr eləyirəm. bir il ərzində iki böyük roman tərcümə eləmişəm, üçüncüsünü də təhvil verməyə hazırlaşıram. Özümə hesabat verəndə beşə yaxın mətbu orqanında yazdığımı görürəm. Bunlarla paralel şeirlər, roman yazıram. Yəni yetərincə, hətta artıq dərəcədə məhsuldar. Mən hələ qatıldığım ictimai tədbirləri hesaba almıram, halbuki onla da əməlli-başlı vaxt aparır.

Amma əminəm ki, nə vaxtsa konkret iş saatlarım olsa, filan saatda işdə olmalı, filan saata qədər işdə oturmalı olduğumu bilsəm, elə bu vəziyyətin gərginliyindən əsəblərim elə pozular ki, bircə sətir də yaza bilmərəm...

Bu nə iddia, nə şıltaqlıq deyil. Başqalarından fərqlənmək cəhdi, və ya hər hansı kompleks də deyil. Sadəcə, mənim işim zehin, ürək, hiss işidir və bunlara saat, rejim, qrafik tədbiq eləmək olmaz. Tədbiq eləsən də, alınmaz. Alınsa da, saatla, rejimlə işləyən yaradıcılıqdan heç kimə fayda gəlməz. Mənim rəhbərlərim həmişə bunu biliblər...

 

Add comment


Security code
Refresh