Azərbaycanda indiki fəal gənclik kitaba daha çox maraq göstərir, deyəsən. Mən universitetdə bakalavr oxuyanda bu qədər kitaba maraqlı gənclərə rast gəlməmişdim. Ola bilsin, o zamankı ətrafım elə deyildir - bu da istisna deyil. İndi də bir dostumuzdan çox gözəl ideya gəldi. Kitab satışını artırmaq, yeni nəşr olunmuş kitabların təbliğatı üçün kitab şəbəkəsi yaratmaq. Şəbəkə üzvləri yeni seçilmiş kitablardan birini seçib ay ərzində onun təbliğatını aparacaqlar.
Bu şəbəkəyə üzv olmaq üçün uyğun bildiyim yaxın dostlara təklif göndərəndə bəzi dostların cavabı məni təəccübləndirdi. "Axı mən niyə bəyənmədiyim, hətta oxumağa rəva bilmədiyim kitabı təbliğ etməliyəm?". Əvvəla bu könüllü işdir, məqsəd hər hansı kitabı, yaxud müəllifi təbliğ etmək deyil. Ümumilikdə kitab oxuyanların sayının artmasına kömək etmək və kitab oxumağı dəb halına gətirməkdir. Bu şəbəkədir, şəxsi zövqlər dinlənilir, ancaq seçki nəticəsində udan kitab təbliğ olunur, sizin zövqünüzdən asılı olmayaraq. Təşkilatlanmada hər kəsin dinlənilməsi, ancaq çoxluğun üstünlüyü əsasdır. Bu şəbəkədə də eyni ilə.
Niyə yeni nəşr olunmuş kitablar?
Tanınmış, dünyaşöhrətli yazarların da kitabını alıb oxumaq olar. Ancaq yeni nəşr olunmuş YERLİ kitabları təbliğ etməklə həmin kitabın satışının artmasına nail olmaq istəyirik. Satışın çox olması yazıçı üçün həm məsuliyyət, həm də rəqabətdir. Hamı yazmaq istəyir, ancaq oxucu üçün rəqabət aparan yoxdur, çünki oxucu kütləsi formalaşmayıb. Buna görə də hər yazan özünü dahi hesab edir, hər mənfinin səbəbini xalqın kitab oxumaması ilə əlaqələndirir. Ancaq bədii kitabın uğuru oxucu kütləsi ilə ölçülməlidir, təbii ki həmişə yox. Misal üçün dahi Tolstoyun "Hərb və Sülh" əsərini çox az adam oxuyub, amma oxuyan ədəbiyyatçılar bu əsəri çox yüksək qiymətləndirir. İndi deyə bilmərik ki, "Hərb və Sülh" Paulo Kuelyonun "Kimyagər"indən zəifdir.
Bizdə kitab 1000 tirajla çap olunur adətən. Bu biyabırçı rəqəmdir. Ona görə şəbəkələşib kitab təbliğatını aparmaqla yazıçılar stimul, oxucular intellekt, ədəbiyyat rəqabət, kitab biznesi pul qazanacaq.
Yazıçı kitab satışından pul qazanacaq. Yazıçılıq peşə olacaq. Yəqin razılaşarsınız ki, bizim ölkədə yazıçılıq hələ peşə deyil, çünki insanlar maddi gəlirlərini bu sahədən qazana bilmirlər. Yazıçılar böyük əksəriyyətinin paralel başqa iş yerləri də olur. Bu məsələ həmişə məni düşündürüb ki, həm normal iş qrafiki ilə, yəni gündə 8 saat işləyib, həm də yazmağa həvəs tapmaq necə mümkündür?. İş yazmaqla da bitmir. Yazmaq üçün oxumaq da lazımdır axı. Bunlar hamısı vaxt aparır. Bu yaxınlarda yeni kəşf etdiyim Orxan Orxanovun şeirlərini təsadüf nəticəsində oxudum. Çox xoşuma gəldi. Təbii ki, bir oxucu kimi ona fikrimi yazmalıydım. Yaxşı sözləri deməkdə qısqanclıq göstərən deyiləm. Yazıçıya məktub yazdım, fikirlərimi çatdırdım. Sonda kitabı varsa, adını yazsın alıb oxuyum deyə xahiş etdim. Onun cavabı maraqlı idi: "Ciddi ədəbiyyatın oxunmadığı ölkədə kitab nəşr etdirməyin nə mənası var?" Orxan haqlı idi.
Yazıçının həvəsi bu suallar qarşısında ölür: Azərbaycanda? Kitab yazmaq? Kimin üçün? Kim oxuyacaq?
Əgər heç kim onun kitabını oxmayacaqsa, müəllif kitabdan qazanc əldə edə bilməyəcəksə, nəşriyyatlar yazıçını çap etmək üçün sərfəli təkliflər yarışına girməyəcəklərsə, tam əksi müəllif əsərini çap etmək üçün nəşriyyata cibindən pul verəcəksə, insan bu kitabı hansı həvəslə yazsın?
Bir qrup oxucu var ki - əvvəllər mən də bu qrupa daxil idim – iddia edirdilər ki, Azərbaycanda oxunulası kitab yoxdur. Kimi oxuyaq? Tələbə xərcliyimizdən ayırıb kitabı alınacaq qədər güclü yazar yoxdur. Biz ədəbiyyatçılarımızı tanımırdıq. Üç il əvvəl müasir Azərbaycan ədəbiyyatı deyəndə ağlıma gələn ilk ad Elçin idi, hansı ki, onun “Mahmud və Məryəm” əsərini oxuyandan sonra "dünyada o qədər oxumadığım maraqlı əsər varkən niyə zəhlətökən Azərbaycan ədəbiyyatı oxuyuram ki" deyib özümü danlamışdım. Ta ki, bu sözümü qırıb Seymur Baycanın “Quqark” romanını oxuyana kimi. Bu haqqda facebookda da yazmışdım: “ “Mahmud və Məryəm”dən sonra sözümü qırıb Seymur Baycanın "Quqark" romanını oxumağa dəyərmiş.” Yaxud bu yay bir dostumun Həmid Herisçidən oxuduğu şeiri eşidəndə Aqşindən başqa da güclü şair varmış dedim. Hələ yuxarıda qeyd etdiyim kimi yeni tanıdığım Orxan Orxanovu demirəm. Deməli, “bizdə yaxşı kitab yoxdur” kimi anlayışlarının yaranmasının səbəbi yazıçılar deyil.
Bazarın ən sadə qanunu var, “tələb təklifi yaradır”. Biz kitab alsaq, demək ki, sifariş verən, tələb edən tərəf biz olacağıq. Təklif edən isə artıq daha məsuliyyət və qorxu ilə bazara çıxacaq. Bazarda gözüaçıq böyük bir alıcı (oxucu) kütləsi var. Bu kütlə artıq çox kitabın dadına baxıb, yaxşı ilə zay məhsulu tez ayırd edir.
O zaman Sovet qalığı yazıçılar da öz zəifliklərini gənclərin kitab oxumaması ilə konpensasiya etməyəcəklər.
Ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz: AzeBookNet


