Ailə - məişət ümumiliyi, qarşılıqlı məsuliyyətlə bağlı insanların birliyidir. Ailə cəmiyyətin mühüm komponentidir və onun inkişafinda mühüm rol oynayır. Ailə dedikdə ilk olaraq nikah yada düşür. Yəni, ailənin təməlini nikahla qoyulur. Nikah kişi ilə qadın arasındakı münasibətləri müəyyənləşdirir, normaya salır. Nikah ailədə kişi ilə qadın arasındakı münasibətlərin tarixən dəyişkən formasıdır ki, onun vasitəsilə bu insanların intim münasibətlərini
rəsmən qaydaya düşür və təsdiqləyir, valideynin həyat yoldaşı kimi hüquq və vəzifələrini müəyyənləşdirir.
Ailə nikaha nisbətən daha geniş anlayışdır. Ailə kişi ilə qadının sadəcə, bir arada yaşaması demək deyil. Eyni zamanda, uşaqları və qohumları da bu ad altında birləşdirir. Ailənin fərqləndirici əlaməti ev təsərrüfatının birgə aparılmasıdır. Azərbaycanda ailə anlayışına dəyərlərdə çox ciddi şəkildə yanaşılır. Ailə müqəddəsdir. Onun əmələ gəlməsi və həyat boyu sürməsi böyük məsuliyyətdir. Düzdür, ailəyə elə-belə, başdansovdu yanaşanlar da var. İndiki dönəmdə bu gənclərdə müşahidə olunur. Qeyd etmək lazımdır ki, bu acınacaqlı haldır....
Oğlanların çoxunun psixologiyası belədir ki, onlar üçün evlənmək şərti xarakter daşıyır. Onlar bəzi hallarda ailəni tam olaraq qavramırlar, dərk etmirlər. Bəzən oğlanı valideynləri məcburi evləndirirlər sevmədiyi biri ilə. Qızlar arasında da belə bir fikir var - təki ərə getmək olsun. Ailənin içinə düşdükdən sonra dərk edirlər ki, hər şey o ağ gəlinliyi geyinmək deyilmiş. Üzərimizdə böyük bir məsuliyyət var. AİLƏ....
Ailə mürəkkəb, geniş və gözəl bir ortamı anlatmaqla yanaşı, həm də müqəddəsdir. Onu qoruyub saxlamaq lazımdır.
Dünən bir hadisənin şahidi oldum. Yaşlı ana öz qızına cehizlik mallar alırdı. Mən də anamla həmin mağazada idim. Birdən həmin qadın dedi ki, “bir qızım varıydı, o da böyüyüb mənə dayaq, kömək olası vaxtda əlimdən alıb aparırlar”. Qızının hələ 17 yaşı var. Bunu eşidib daha da pis oldum. Bir anlıq düşündüm ki, indi onun oxuyası, öz yaşıdları ilə deyib-güləsi vaxtıdır... Hələ bu da azmış kimi bir qoca xala dedi ki, nə olsun ki, mən 14 yaşımda ailə qurmuşam.
Biz hələ uşaqlarla oynadığımız vaxtda o qız öz uşağını oynadacaq. Məncə ailə qurmağın öz yaş dövrü var. Əvvəllər belə düşünmürdüm. Deyirdim ki, yaşın nə fərqi var? Ailə qurmaq üçün 14-17 yaşı nəzərdə tutmurdum. 20-21 yaş ola bilərdi deyirdim. Ancaq yox, indi mənim 22 yaşım var və düşüncə tərzim tamamilə fərqlidir. Çünki insan hər şeyi - həyatı, insanları və bütün çətinlikləri və s. - bütün bunları bu yaşdan sonra anlamağa başlayır. Ona görə də ərə getmək, evlənmək üçün heç vax tələsmək lazım deyil. Hər şeyin öz vaxtı və zamanı var.
Çox şükürlər olsun ki, ailəm məni başa düşür və oxumağım, işləməyim üçün imkan yaradır. Çox istərdim ki, bütün ailələr mənim ailəm kimi olsun. Övladlarına qarşı anlayışlı olsunlar. Onlara dəyər versinlər, qəbul etdikləri qərarlara hörmətlə yanaşsınlar.
Ailə müqəddəsdir... “Mən öz ailəmdən çox razıyam”. Bu kəlməni hamı desə də, ancaq çoxu bu fikri səmimi söyləmir.. Ailədə valideynlərlə ünsiyyət əsasdır. Mən öz valideynlərimlə hər bir dərdimi paylaşıram. Onlar da mənə əllərindən gələn köməkliyi həmişə edirlər. Düzdür, valideynlərimizin işi çox olur, bəzən bizə qulaq asmırlar. Əgər valideyn uşaqlarla böyük kimi davranıb, arada məsafə qoyursa, əlbəttə, uşaq da böyüdükdən sonra heç bir dərdini onlarla paylaşmayacaq. Çəkinəcək və sonda nəticə çox pis olacaq. Ona görə də, valideyn həmişə uşaqları ilə dost olmalıdır. Onun nə problemi varsa, maraqlanmalıdır. Bu, ən doğru yanaşmadır. Valideynin vəzifəsidir.
Əziz valideynlərimiz, çox gec olmadan uşaqlarınızla maraqlanın, onlarla dostluq edin. Siz onlara qulaq asmadıqca, onların kiçik bir sözünə fikir vermədikcə, onlar sizdən uzaqlaşacaqlar. Bu anda (red. - valideynlə təmasda ola bilmədikdə) onlar çarəni yalnız başqalarında (red. - yaşıdlarında, dostlarında) axtarmağa başlayacaqlar. Bu qayğı müasir zəmanəmizin uşaqlarına daha çox lazımdır. Əvvəldə də qeyd etdiyimiz kimi, ailənin geniş anlayış olması təkcə kişi ilə qadın arasındakı münasibətlər deyil. Ailə onu təşkil edən insanların bu ocağa verdiyi dəyərlərlə tamlanır. Psixoloqlar qeyd edirlər ki, uşaq və yeniyetmələr üçün ailə nə deməkdirsə, dost da o deməkdir. Xüsusilə də, yeniyetmələr üçün dost bəzən ailədən də “üstündür”.
Uşaqların evdən uzaqlaşması onların gələcəyi üçün təhlükəlidir. Uşaq tərbiyəsinin bütün mərhələlərində valideyinin diqqəti çox əhəmiyyətlidir. Yəni, onların kimlərlə dostluq etməsinin əhəmiyyəti böyükdür. Bəzi valideynlər: ”Mən öz uşağıma inanıram”, - deyib, bu vacib vəzifədən özlərini uzaqlaşdırırlar. Halbuki bu münasibətin uşağa olan inamla əlaqəsi yoxdur. Əlbəttə ki, uşağa etibar etmək, inanmaq lazımdır. Ancaq uşağın düşdüyü mühiti haradan biləsiniz? Siz onların dostları ilə necə münasibət qurduğunu, dostunun necə insan olduğunu haradan biləsiniz?
Uşağa həddindən artıq tələbkar olan valideynlər də az deyil. Onlar uşaqlarının sərbəst addım atmasına imkan vermir, dostluq etdiyi yoldaşlarına müdaxilə etməyə çalışırlar. Əlbəttə, bu da səhv addımdır. Belə uşaqlar həmişə təziq altında olduqları üçün gələcəkdə çox aqressiv olurlar. Ona görə də, əsas məsələ tarazlığı qurmağı bacarmaqdır. Yəni hər şeydən əvvəl uşağınızın seçdiyi dostlara hörmətlə yanaşmalı, əgər hansısa narahatlığınız, tərəddüdünüz, şübhəniz varsa, o halda onun - uşağınızın dostunun ailəsi ilə tanış olun, münasibət qurun. Əgər bundan sonra da tərəddüdünüz davam edərsə, onda öz uşağınıza tərəddüdlərinizi çatdırın. Ona öz fikirlərinizi dedikdən sonra onu dinləyin, fikirlərinizdə ortaq nöqtələr axtarıb tapmağa çalışın. Bu şəkildə həm uşağınızın dost seçməsinə müdaxilə etməz, həm də ona bu işdə kömək etmiş olarsınız. Uşağınızın dostlarını və onların ailələrini tanımaq üçün birgə tədbirlər təşkil etmək olar. Bu uşaqda özünə inamı artırmaqla yanaşı, ailə üzvləri arasındakı münasibəti də möhkmləndirir. Elə isə vaxt itirmədən hərəkət edin. Qarşı tərəfi anlamağı və tənqid etməməyi də unutmayın.
VALİDEYNLƏR!!! Övladlarınızın qədrini bilin, onlarla maraqlanın, problemlərini az da olsa, həll etməyə çalışın. Onların sizin canınızdan bir parça olduğunu əsla və əsla UNUTMAYIN...
Ailə bəşər cəmiyyətində aparıcı rol oynayır. Əgər onu qurmuşuqsa, məsuliyyətini də üzərimizə götürüb qoruyub saxlamalıyıq. Mən hələ ailə qurmamışam. Arzum gözəl ailə qurub sevdiyimlə ailəmizin, səadətimizin qayğısına qalaraq hər zaman hamıya nümunə olmaqdır. Ailə Allahın bizə bəxş etdiyi ən gözəl nemətlərdəndir. Onu qurarkən çətinlikləri, əzabları gözə alaraq onlardan bütöv ailə olaraq çıxmaq, həyatın keşməkeşli yollarından əl-ələ keçməkdir.
Əsl ailə məncə budur..


